Ayaz Qəmbərli
Qəmbərli Ayaz Vahab oğlu — azərbaycanlı bəstəkar.
Ayaz Qəmbərli 1984-cü il, sentyabr ayının 19-da Bakı şəhərində anadan olub. 1999–2003-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda (hazırkı Milli Musiqi Konservatoriyası nəzdində Musiqi Kolleci) pianoçu kimi təhsil alıb. 2003–2007-ci illərdə Bakı Musiqi Akademiyasının bəstəkarlıq şöbəsinin bakalavr pilləsində (prof. Arif Məlikov), 2019–2021-ci illərdə Latviya Musiqi Akademiyasının bəstəkarlıq şöbəsinin magistratura pilləsində (prof. Roland Kronlaks) oxuyub. 2008-ci ildə Özbəkistanın Daşkənd şəhərində keçirilən "Omnibus-laboratorium" ustad dərslərinin (meksikalı bəstəkar Viktor Rasqado, alman bəstəkarı Şteffen Şleyermaxer) iştirakçısı olub və bu festivalda "Köhnə qramofondan vals" (I redaksiya — flute, english horn, arpa, hapricord, violin, viola, cello) əsəri ilə çıxış edib. 2008-ci ildə Ukraynanın Kiyev şəhərində keçirilən IX beynəlxalq "Музыка Молодых" (azərb. "Gənclərin Musiqisi") forumunda "Köhnə qramofondan vals" (II redaksiya — flute, clarinet, piano, violin, cello), 2010-cu ildə Ukraynanın Kiyev şəhərində keçirilən "Kyiv Music Fest" beynəlxalq musiqi festivalında "Ludwigstuck", 2011-ci ildə "III Qəbələ beynəlxalq musiqi festivalında" Piano və orkestr üçün konsert, elə həmin il Üzeyir Hacıbəyli adına III beynəlxalq musiqi festivalında orkestr üçün Divertisment, 2012-ci ildə Almaniyanın Drezden şəhərində keçirilən "Tonlagen" beynəlxalq müasir musiqi festivalında "Qovuşma I", 2012-ci il Ukraynanın Kiyev şəhərində keçirilən "Kyiv Music Fest" festivalında "Nöqtələrə həll olunmuş kompozisiya", 2013-cü ildə V Qəbələ beynəlxalq musiqi festivalında orkestr üçün Divertisment əsəri ilə çıxış edib. 2016-cı ildə ABŞ-nin New York şəhərində keçirilən və dünyanın ən məşhur müasir musiqi festivallarından sayılan MISE-EN MUSIC FESTIVAL'ının iştirakçsı olub.